İspaniyanın “Elçe” komandasının kapitanı Xosan məişət zorakılığı ilə bağlı şikayət əsasında hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Arena.az xəbər verir ki, bu barədə İspaniya mətbuatı məlumat yayıb.
Tam adı Xose Antonio Ferrandes Pomares olan 36 yaşlı futbolçunun hazırda Oriuela şəhərindəki məhkəmə qurumlarında olduğu və onun sonrakı statusu ilə bağlı qərarın gözlənildiyi bildirilir. “Marca”nın məlumatına görə, Xosan və həyat yoldaşı Roza Duarte boşanma prosesindədir və cütlüyün iki övladı var.
Şikayət ərizəsində “WhatsApp” vasitəsilə göndərildiyi bildirilən təhqiramiz xarakterli mesajlar, həmçinin şikayətçinin hadisə ilə əlaqələndirdiyi göyərmə izlərinin fotoları yer alıb.
Bununla belə, futbolçu və həyat yoldaşı birgə açıqlama yayaraq boşanma prosesində olduqlarını təsdiqləyib və şəxsi həyatlarına müdaxilə edilməməsini xahiş ediblər. Tərəflər, həmçinin Ferrandeslə bağlı hazırda açıq məhkəmə işi olmadığını bildiriblər.
Qeyd edək ki, futbolçu ittihamlar üzrə təqsiri məhkəmə tərəfindən müəyyən edilənədək təqsirsiz hesab olunur.
Xosan cari mövsümdə “Elçe”nin heyətində 3 rəsmi oyunda iştirak edib və 1 məhsuldar ötürmə verib.



