Futbol üzrə Argentina milli komandasının hücumçusu Lionel Messi MLS təmsilçisi “İnter Mayami”nin heyətində növbəti oyununa çıxıb.
Arena.az məlumat verir ki, Mayami təmsilçisi MLS-in 2026-cı il mövsümünün pley-off mərhələsi çərçivəsində bu gün “Kolumbus Kru” ilə qarşılaşıb.
“Vağlar” 1/8 finalın doğma meydanda baş tutmuş ilk oyunundan ağır məğlubiyyətlə ayrılıblar – 0:3. Messi bu görüşdə sarı vərəqə alması ilə diqqət mərkəzinə düşüb. O, yan xəttdən aut atışını həyata keçirərkən topu rəqib futbolçunun başına vurduğu üçün xəbərdarlıqla üzləşib.
“İnter Mayami” MLS-in müntəzəm mövsümünün turnir cədvəlində 33 oyundan sonra 59 xalla 2-ci pillədə qərarlaşıb. Mayami təmsilçisi keçirdiyi 33 oyunda 16 qələbə qazanıb, 11 heç-heçə edib, 6 məğlubiyyətə üzülüb.
Ötən mövsümün MLS çempionu olan “İnter Mayami” “Kolumbus Kru”ya qarşı cavab oyununu noyabrın 28-də səfərdə keçirəcək. Amma Mayami təmsillçisinin bu ağır məğlubiyyətin əvəzini çıxması heç də asan görünmür.
Xatırladaq ki, Lionel Messi 2023-cü ilin yayından “İnter Mayami”də çıxış edir. Argentinalı ulduz amerikan klubuna PSJ-dən azad agent qismində qoşulub. “Leo”nun “İnter Mayami” ilə müddəti 2028-ci ilin dekabr ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.
“Leo” cari mövsümdə 37 oyuna çıxıb, 30 qol vurub, 16 məhsuldar ötürmə verib. Argentinalı ulduzun “İnter Mayami” karyerası ümumilikdə 125 oyun, 107 qol və 60 məhsuldar ötürmədən ibarətdir. Messi “vağlar”ın tarixinin ən sərrast qolçusudur.
Ulduz hücumçu Mayami təmsilçisi ilə Şimali Amerika Liqalar Kubokunu (2023) qazanıb, MLS-in Şərq Konfransının (2024) qalibi olub, MLS çempionluğunu (2025) bayram edib, həmçinin Çempionlar Kubokunu (2026) əldə edib. Bu, “Leo”nun futbolçu karyerası ərzində qazandığı 49-cu qənimətdir. Əlavə edək ki, Messi futbol tarixində ən çox qənimət qazanmış oyunçudur.
Lionel Messi artıq karyerasını bitirdiyi Argentina yığmasında 208 oyun keçirib, 126 qol vurub, 69 məhsuldar ötürmə verib. Bu göstəricilər üzrə “Leo” yığmanın mütləq rekordçusudur.


