Bekiri: “Zirə”yə məğlubiyyətdən sonra bu qələbə çox vacib idi”

“Qəbələ”nin baş məşqisi Yeton Bekiri Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Şəfa”ya qarşı keçirdikləri səfər oyununu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşü “Qəbələ”nin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeton Bekiri matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Komandamız 90 dəqiqə ərzində yaxşı oyun nümayiş etdirdi. Bu gün qələbəyə layiq olan tərəf biz idik. Əlbəttə, problemlər də var. “Zirə”yə məğlubiyyətdən sonra bu qələbə çox vacib idi.

Mən “Qəbələ”yə gələndə Kərim Rossinin zədəsi var idi. Uzun müddət məşq etmədi. Bu həftə məşqlərə başlayıb. Bu gün sonradan oyuna girdi. Növbəti matçlarda daha çox oynamaq imkanı olacaq.

Mən bura gələndə komanda 6 oyunda cəmi 2 qol vurmuşdu. Sonra yavaş-yavaş sistemi dəyişdik və qolların sayı çoxalmağa başladı. Fikrimcə, zamanla daha da yaxşı olacaq”.

Yeton Bekiri süni meydanda oynamağın çətinliyindən də söhbət açıb:

“Süni örtüklü meydanda oynamaq çətinlik yaradır. Amma edəcəyimiz bir şey yoxdur. Orada oynamağa məcburuq. Qəbələdə məşq etmək üçün süni örtüklü məşq meydançamız var. Ümid edirəm ki, federasiya gələcəkdə bütün meydançaların təbii örtüklü olması ilə bağlı qərar çıxarar. Bu ölkəni, çempionatı çox sevirəm. Bu liqa ən yaxşısına layiqdir. Ona görə də meydançaların yaxşı olması vacibdir”.

Zaur Həşimov: “Bu işdə tək olmalı deyiləm”

“Şəfa”nın baş məşqçisi Zaur Həşimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“59-cu dəqiqəyə qədər rəqibin qol epizodu yox idi. İlk fürsətdəcə fərqləndilər. Sonluq da gözlənilən idi. Biz irəli atılacaqdıq, rəqib isə əks-hücumda oynayacaqdı. “Qəbələ” bizim kritik səhvdən sonra ikinci qolu vurdu və qələbə qazandı. Artıq “qara zolaq”dan çıxdığımızı düşünürdük. Amma bu oyun üzərimizdəki təzyiqi artırdı.

Şikayət etməyi sevmirəm. Amma görürsünüz ki, hücumda konkret çətinliklərimiz var. Yeganə hücumçu Luis Felipe idi. Gələndən sonra zədələnmişdi. İndi isə 6 aylıq sıradan çıxıb. Bu vəziyyətdən çıxmaq üçün əlimizdən gələni edirik. Bütün məsuliyyəti öz üzərimə götürürəm. Amma fikrimcə, bu işdə tək olmalı deyiləm. Rəhbərlik, mən, futbolçular – kollektiv olaraq vəziyyətdən çıxmaq üçün addımlar atmalıyıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: