Dezire Due ciddi zədə aldı, uzun müddətə sıradan çıxdı

Futbol üzrə Fransa millisinin və PSJ-nin hücumçusu Dezire Due Fransa çempionatının 11-ci turunda “Nitsa” ilə oyunda ciddi zədə alıb.

Arena.az xəbər verir ki, səfərdə keçirilmiş qarşılaşmanın 41-ci dəqiqəsində 21 yaşlı fransalı futbolçunun sağ dizində problem yaranıb.

Epizod zamanı rəqiblə təmas olmadan Duenin ayağı burulub və o, yerə yıxılaraq güclü ağrı hiss edib.

Futbolçu meydanı özbaşına tərk edə bilməyib və xərəkdə daşınıb. Bu zaman Duenin göz yaşlarını saxlaya bilmədiyi diqqət çəkib.

PSJ-nin baş məşqçisi Luis Enrike də matçdan sonrakı açıqlamasında futbolçunun zədəsinin ciddi olduğunu bildirib:

“Sabah keçiriləcək müayinənin nəticələrini gözləməliyik. Amma artıq indi hər şeyin ciddi olduğu aydındır. Hər halda, o, daha güclü qayıdacaq”, – deyə Enrike bildirib.

Fransa mətbuatının yaydığı məlumata görə, Dezire Due sağ dizinin çarpaz bağlarını qoparıb. Futbolçunun dəqiq diaqnozu bu gün keçiriləcək ətraflı tibbi müayinədən sonra müəyyənləşəcək.

Xatırladaq ki, PSJ bu görüşdə “Nitsa”nı 3:2 hesabı ilə məğlub edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: