Toral Bayramov “Sivasspor”la matçda ehtiyatda qaldı

Futbol üzrə Azərbaycan millisinin müdafiəçisi Toral Bayramov “Bursaspor”un bu gün “Sivasspor” komandasına qarşı keçirdiyi matçı buraxıb.

Arena.az xəbər verir ki, Bursa təmsilçisi Türkiyə Birinci Liqasının 2026/2027-ci illər mövsümünün 15-ci turu çərçivəsində bu gün “Sivasspor”u qəbul edib.

Sözügedən komanda bu rəqiblə ev oyunundan 2:0 hesablı inamlı qələbə ilə ayrılıb. Toral matçın sonadək ehtiyatda qalıb.

“Bursaspor” hazırda 35 xalla yarış cədvəlinin 1-ci pilləsində qərarlaşıb. Toralın komandası cari mövsümdə keçirdiyi 15 oyunda 11 qələbə qazanıb, 2 heç-heçə edib, 2 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Toral Bayramov bu ilin iyun ayında “Qarabağ”dan “Bursaspor”a keçib. Müdafiəçinin Türkiyə klubu ilə 2029-cu ilin 30 iyununa qədər müqaviləsi mövcuddur. O, Bursa təmsilçisinin heyətində 11 oyun keçirib, 1 məhsuldar ötürmə və 1 avtoqolla yadda qalıb.

2020-ci ildən “Qarabağ”ın əsas komandasında çıxış edən Toral Bayramov bu müddətdə 254 oyunda 37 qol vurub, 46 məhsuldar ötürmə verib. O, komanda ilə 5 dəfə Azərbaycan çempionu olub, 2 dəfə Azərbaycan Kubokunu qazanıb.

Bayramov 2021-ci ildə debüt etdiyi Azərbaycan millisinin heyətində meydana çıxdığı 48 oyunda 6 qola imza atıb, 6 məhsular ötürmə verib. Toral əvvəllər U-19 və U-21 yığmalarımızın da formasını geyinib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: