Latviyalı futbol mütəxəssisi Ervin Perkon Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” komandasına baş məşqçi təyin edilib.
Arena.az bu barədə əyalət klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Xəbərdə vurğulanır ki, bir müddət öncə müvəqqəti baş məşqçi kimi fəaliyyətə başlamış Ervin Perkonla baş məşqçi postu ilə bağlı razılıq əldə olunub. Latviyalı mütəxəssislə 6 ay + 2 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Ervin Perkon bu ilin iyun ayından bölgə təmsilçisində köməkçi məşqçi kimi fəaliyyətə başlamışdı. UEFA PRO lisenziyasına malik olan 35 yaşlı mütəxəssis 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın “Yelqava” və “Super Nova” klublarında baş məşqçi kimi fəaliyyət göstərib. Çalışdırıcı adıçəkilən komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək, 2022 və 2024-cü illərdə Latviyanın Birinci Liqasının çempionluğuna daşıyıb.
“İmişli” bu yay Xorxe Kaskilyanın istefasından sonra bu posta sabiq baş məşqçisi Fərid Namazovu gətirmişdi. Amma yeni mövsümdəki uğursuz nəticələr səbəbindən klub rəhbərliyi bir müddət öncə Namazovu istefaya göndərmişdi. Onun istefasından sonra komandaya məhz Perkon rəhbərlik edirdi. Bu müddətdə “İmişli” keçirdiyi 6 oyunda 3 qələbə qazanıb, 2 heç-heçə edib və 1 məğlubiyyətə üzülüb. Belə uğurlu nəticələr səbəbindən klub rəhbərliyi baş məşqçi postunu məhz Perkona həvalə etməyə qərar verib.
Perkon fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib. Onun məşqçilik fəlsəfəsinin əsasını intizamlı komanda oyunu, yüksək intensivlik, taktiki nizam-intizam və futbolçuların fərdi inkişafı təşkil edir.


