Premyer Liqa: Gəncədə yeni azarkeş rekordu

Bu gün futbol üzrə Azərbaycan çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümündə yeni tamaşaçı rekordu qeydə alınıb.

Arena.az xəbər verir ki, 2026/2027-ci illər mövsümünün yeni rekordu 12-ci turun “Kəpəz” – “Qarabağ” görüşünə (0:0) təsadüf edib.

Bu gün Gəncə şəhər stadionunda təşkil edilmiş qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.

Xatırladaq ki, bundan əvvəlki rekord da “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilmiş “Şamaxı” ilə ev qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr etmişdi.

Qeyd edək ki, bu gün Premyer Liqa çərçivəsində 12-ci turun sonuncu görüşləri keçirilib. 12 turdan sonra 27 xala malik “Neftçi” vahid liderdir. “Sabah”la “Turan Tovuz” 24 xalla 2-3-cü pillələri bölüşürlər. “Qarabağ”la “Zirə”nin 20, 6-cı pillədə qərarlaşmış “Kəpəz”in 18 xalı var.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: