Flik “Sabah”la oyundan öncə qazandıqları qələbəni şərh etdi

“Barselona”nın baş məşqçisi Hans-Diter Flik İspaniya La Liqasının 13-cü turunda “Vilyarreal” üzərində əldə etdikləri əzmkar qələbəni şərh edib.

Arena.az xəbər verir ki, katalonlar qarşılaşmanın ilk hissəsində 0:2 hesabı ilə geridə olsalar da, fasilədən sonra üç qol vuraraq 3:2 hesablı qələbə qazanıblar.

Almaniyalı mütəxəssis qarşılaşmadan sonra jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Ümumiyyətlə, oyuna yaxşı başlamadıq. İki səhvə yol verdik və rəqib bu səhvləri iki qolla cəzalandırdı. Amma ən vacibi komandanın reaksiyası idi. İki top fərqi ilə geridə olarkən belə mübarizəni davam etdirmək asan deyil. Reaksiyamız inanılmaz idi.

Biz UEFA Çempionlar Liqasında oynayan səviyyəli komandaya qarşı mübarizə aparırdıq. İkinci hissədə çox yaxşı inkişaf etdik və oyunumuzu əhəmiyyətli dərəcədə yaxşılaşdırdıq. Hamımız çox xoşbəxtik. İnanılmaz oyun oldu və daha üç xal qazandıq”.

Flik yarımmüdafiə xəttinin rolunu da xüsusi qeyd edib. O, xüsusilə Pedrinin çıxışını yüksək qiymətləndirib:

“Pedri xüsusilə seçildi. Düşünürəm ki, bu, onun ən yaxşı oyunlarından biri idi. Bernal da çox yaxşı oynadı. Fermin isə etdiyi səhvdən sonra özünü çox yaxşı toparladı. Belə vəziyyətlərdə birlikdə qalmaq lazımdır. İki top fərqi ilə geridə olduğunuz zaman bunu etmək asan deyil”.

Qeyd edək ki, bu qələbə Flikin rəhbərliyi altında “Barselona”nın hesabda geridə olduğu halda qazandığı artıq 24-cü qələbədir.

“Barselona” 13 turdan sonra 36 xalla La Liqanın turnir cədvəlinə başçılıq edir. Kataloniya təmsilçisi bu gün – noyabrın 23-də Azərbaycana gələcək. Belə ki, İspaniya nəhəngi UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində noyabrın 25-də Bakıda “Sabah”ın qonağı olacaq. Qarşılaşmaya saat 21:45-də start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: