Dezire Due 9 ay oynamayacaq – evinə də girməyə çalışıblar

Futbol üzrə Fransa milli komandasının və PSJ-nin hücumçusu Dezire Due aldığı ağır zədə səbəbindən təxminən 9 ay yaşıl meydanlardan uzaq qalacaq.

Arena.az xəbər verir ki, 21 yaşlı futbolçunun sağ dizinin ön çarpaz bağının qopduğu müəyyənləşib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Due Fransa çempionatının 11-ci turunda “Nitsa” ilə səfər oyununda (3:2) zədələnib. Qarşılaşmanın 41-ci dəqiqəsində rəqiblə təmas olmadan futbolçunun ayağı burulub və o, yerə yıxılıb. Due meydanı xərəkdə tərk edib və 44-cü dəqiqədə əvəzlənib.

PSJ-dən bildirilib ki, futbolçu ayın sonunadək əməliyyat olunacaq. Bərpa müddətinin təxminən 9 ay çəkəcəyi gözlənilir.

Qeyd edək ki, Due üçün xoşagəlməz hadisələr bununla yekunlaşmayıb. “Nitsa” ilə oyundan sonra futbolçu evinə qayıdarkən onun yaşadığı evin qarşısında polisləri görüb. Hüquq-mühafizə əməkdaşları bir neçə şəxsin evə girməyə çalışdığını, lakin içəridə kiminsə olduğunu başa düşdükdən sonra hadisə yerindən qaçdıqlarını bildiriblər.

Xatırladaq ki, Dezire Due 2024-cü ildən PSJ-də çıxış edir. O, klubla iki dəfə UEFA Çempionlar Liqasının və Fransa çempionatının qalibi olub. Cari mövsümdə bütün turnirlərdə 15 oyuna çıxmış futbolçu 6 qol vurub və 4 məhsuldar ötürmə edib.

PSJ-nin digər hücumçusu Xviça Kvaratsxeliya da oktyabrda dizinin çarpaz bağının qopması səbəbindən bir neçə aylıq sıradan çıxmışdı.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: