Çində Fransa milli komandasının və İspaniyanın “Real” klubunun hücumçusu Kilian Mbappe ətrafında yaranan qalmaqal böyüməkdə davam edir.
Arena.az xəbər verir ki, ölkənin Xarici İşlər Nazirliyi fransalı futbolçunun hərəkətlərinin cəmiyyətdə etiraz doğurduğunu bəyan edib, Çin Mərkəzi Televiziyası isə onun iştirak etdiyi İspaniya çempionatı oyunlarının yayımını müvəqqəti dayandırıb.
Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qо Tsyakunun sözlərinə görə, Çin xalqının hisslərini təhqir edən söz və hərəkətlər cəmiyyətin bütün təbəqələrinin etirazı ilə qarşılanır.
Diplomat bu fikirləri “Real”ın hücumçusu Kilian Mbappe ətrafında yaranmış vəziyyəti şərh edərkən səsləndirib. Qalmaqala səbəb futbolçunun müsahibədə sevimli meminin öz üzünün qrafik redaktə vasitəsilə Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun təsvirinə yerləşdirilməsi barədə danışması olub. İnternetdə yayılan videonun məhz bu mövzu ilə bağlı olduğu bildirilir.
Bundan sonra Çinin enerji içkiləri istehsalçısı “Dongpeng” və ölkənin ən böyük süd məhsulları təchizatçılarından biri olan “Mengniu” Mbappe ilə reklam əməkdaşlığını dayandırdıqlarını açıqlayıblar.
“Pengpai” nəşrinin məlumatına görə, Çin Mərkəzi Televiziyası Mbappenin iştirak etdiyi La Liqa matçlarının yayımlarını müvəqqəti dayandırıb, futbolçunun yer aldığı reklamları efirdən çıxarıb. TASS-ın müxbirinin bildirdiyinə görə, telekanalın rəsmi saytından da fransalı oyunçu ilə bağlı bütün məlumatlar silinib.
Bundan başqa, Çinin “Xiaohongshu” sosial şəbəkəsi milli hissləri təhqir edən hərəkətlərə qarşı olduğunu bəyan edib. Platforma bununla əlaqəli məzmunun aşkarlanması və silinməsi istiqamətində iş apardığını bildirib.
Qeyd edək ki, son bir ildə azarkeşlər arasında “Diktator” ləqəbi ilə tanınan Mbappenin “Real”da və Fransa millisində baş verən proseslərə böyük təsir göstərdiyi iddia olunur. Hazırda futbolçunun Çin bazarındakı reklam əməkdaşlıqlarının və televiziya görünürlüğünün bu qalmaqaldan necə təsirlənəcəyi diqqət mərkəzindədir.


