La Liqa Mbappeyə görə çinli azarkeşlərdən üzr istədi

La Liqa rəhbərliyi “Real”ın hücumçusu Kilian Mbappenin açıqlamaları ətrafında yaranmış qalmaqala görə çinli azarkeşlərdən üzr istəyib.

Arena.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.

İspaniya La Liqasının bəyanatında fransalı futbolçunun sözlərinin şəxsi mövqeyi əks etdirdiyi və çempionatın mövqeyi kimi qəbul edilməməli olduğu vurğulanıb:

“La Liqa Kilian Mbappenin son açıqlamalarının çinli azarkeşlər arasında narazılıq yaratmasından dərin təəssüf hissi keçirir. Bu fikirlər şəxsi adından səsləndirilib və La Liqanın mövqeyini əks etdirmir. İnstitusional məsuliyyətimiz çərçivəsində La Liqa və bütün klublarımız adından üzr istəyirik.

İspaniya futbolu müxtəlif mədəniyyətlərə mənsub insanlar arasında hörmət, birgəyaşayış və birliyi dəstəkləyir. Çinə, onun qurumlarına və xalqına hörmətimizi bildirir, hər həftə bizi izləyən milyonlarla azarkeşin dəstəyini yüksək qiymətləndiririk”, – deyə bəyanatda qeyd olunub.

Qurum Çindəki tərəfdaşları ilə birlikdə vəziyyəti araşdırdığını da bildirib. La Liqa klublar və futbolçularla əməkdaşlıq çərçivəsində müxtəlif mədəniyyətlərə hörməti təşviq edən və oxşar halların qarşısını almağa kömək edəcək maarifləndirmə və kommunikasiya protokolu hazırlayacağını açıqlayıb.

Xatırladaq ki, qalmaqala Mbappenin müsahibədə sevimli meminin öz üzünün qrafik redaktə vasitəsilə Çin Xalq Respublikasının qurucusu Mao Tszedunun təsvirinə yerləşdirilməsi barədə danışması səbəb olub. Bundan sonra Çinin “Dongpeng” və “Mengniu” şirkətləri futbolçu ilə reklam əməkdaşlığını dayandırıb, Çin Mərkəzi Televiziyası isə onun iştirak etdiyi La Liqa oyunlarının yayımını müvəqqəti dayandırıb.

27 yaşlı Mbappe 2024-cü ildən “Real”da çıxış edir. O, Madrid klubu ilə 2024/25 mövsümündə UEFA Superkubokunu və Qitələrarası Kuboku qazanıb. Daha əvvəl “Monako” ilə Fransa çempionu olan hücumçu PSJ-nin heyətində altı dəfə Fransa çempionatının, dörd dəfə ölkə kubokunun və üç dəfə Super Kubokun qalibi olub.

Fransa millisinin heyətində Mbappe 2018-ci ildə dünya çempionu, 2022-ci ildə isə dünya çempionatının gümüş mükafatçısı olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: