Konseysao UEFA tərəfindən 3 oyunluq cəzalandırıldı

Futbol üzrə Portuqaliya millisinin cinah hücumçusu Fransisko Konseysao UEFA tərəfindən 3 oyunluq cəzaya məruz qalıb.

Arena.az xəbər verir ki, buna 23 yaşlı futbolçunun UEFA Millətlər Liqasının qrup mərhələsinin 4-cü turunda qarşılaşdıqları Norveçlə (2:1) matçda meydandan qovulması səbəb olub.

Konseysao görüşün 86-cı dəqiqəsində hakimə etirazlarına görə ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulub. O, meydanı tərk edərkən dördüncü hakimlə də mübahisə edib. UEFA futbolçunu hakimə qarşı təhqiramiz ifadələr və nalayiq davranışına görə cəzalandırıb.

Bu qərardan sonra portuqaliyalı futbolçu Danimarka və Uelslə UEFA Millətlər Liqası oyunlarını, həmçinin 2027-ci ilin martında keçiriləcək 1/4 final mərhələsinin ilk qarşılaşmasını buraxacaq.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası (FPF) UEFA-nın qərarından şikayət verməyi planlaşdırır.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: