15 yaşadək futbolçulardan ibarət İspaniya millisinin baş məşqçisi David Qordo Bakıda keçirilmiş dünya çempionatındakı zəfəri dəyərləndirib.
Aena.az xəbər verir ki, o, FIFA-nın mətbuat xidmətinə açıqlamasında sözügedən turnirin gənc idmançılar üçün əvəzsiz təcrübə olduğunu bildirib:
“Gələcəkdə dünya və ya olimpiya çempionu olsalar belə, bu günü hər zaman xatırlayacaqlar. FIFA bu formatı və turniri dəstəkləməkdə davam etməlidir, çünki dünyanın hər yerindən gələn futbolçular üçün bu təcrübə əvəzsizdir”.
David Qordo komandasının əsas gücünü gənclərin peşəkar olmaq arzusu ilə əlaqələndirib:
“Komandamızın gücü bu oyunçuların peşəkar futbolçu olmaq istəyindən irəli gəlir. İspaniyada uşaq futbolunda çalışan bütün məşqçilərin əməyi mükəmməldir. Futbolçular milliyə gələndə artıq yüksək səviyyədə olurlar ki, bu da işimizi xeyli asanlaşdırır”.
Qeyd edək ki, İspaniya yığması finalda Çexiyanı 3:0 hesabı ilə məğlub edərək Bakıda təşkil edilmiş ilk U-15 dünya çempionatı və festivalının qalibi olub.


