Dieqo Simeone La Liqanın rekordunu təkrarladı

Madridin “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekordu təkrarlayıb.

Arena.az xəbər verir ki, argentinalı mütəxəssis bu nailiyyətə La Liqanın 11-ci turunda “Levante” ilə səfər oyununda 2:0 hesablı qələbə sayəsində imza atıb.

Bu, Simeonenin İspaniya çempionatında baş məşqçi kimi qazandığı 344-cü qələbə olub. O, bu göstərici ilə vaxtilə “Atletiko”, “Barselona” və digər İspaniya klublarını çalışdırmış Luis Araqonesin rekorduna şərik çıxıb.

Maraqlıdır ki, Simeone 344 qələbəyə 565 oyunda nail olub. Araqones isə eyni göstəriciyə çatmaq üçün 756 qarşılaşmaya ehtiyac duyub.

56 yaşlı Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. Onun baş məşqçiliyi dövründə Madrid klubu iki dəfə İspaniya çempionu (2014, 2021), bir dəfə ölkə kubokunun (2013) və İspaniya Super Kubokunun (2014) qalibi olub. Bundan başqa, “Atletiko” Simeonenin rəhbərliyi altında iki dəfə Avropa Liqasını (2012, 2018) və UEFA Super Kubokunu (2012, 2018) qazanıb, iki dəfə isə UEFA Çempionlar Liqasının finalına yüksəlib (2014, 2016).

“Levante” üzərində qələbədən sonra “Atletiko” 28 xalla İspaniya çempionatının turnir cədvəlinə başçılıq edir. Madrid təmsilçisi növbəti turda, noyabrın 8-də doğma meydanda “Barselona”nı qəbul edəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: