Eder Militaonun evi qarət olundu

Futbol üzrə Braziliya milli komandasının və “Real”ın müdafiəçisi Eder Militaonun evi “Barselona” ilə oyunun keçirildiyi vaxt qarət edilib.

Arena.az xəbər verir ki, bu barədə İspaniyanın “El Mundo” nəşri məlumat yayıb.

Məlumata görə, futbolçunun evindən 350 min avrodan artıq dəyərdə zinət əşyaları və saatlar oğurlanıb. Ən azı iki nəfər üçüncü mərtəbədəki hamam otağının pəncərəsindən evə daxil olub. Həmin vaxt futbolçunun yaxınları birinci mərtəbədə televiziyadan oyunu izləyirmişlər.

Oğrular Eder Militaonun yataq otağından qiymətli əşyaları götürüblər. Evdəki siqnalizasiya sistemi söndürülüb, müşahidə kameraları isə cinayətkarları yalnız bir neçə saniyə qeydə ala bilib. Daha sonra onlar kameralardan birini sıradan çıxarıblar.

Evə qayıtdıqdan sonra oğurluq faktını aşkar edən futbolçu itkin düşmüş əşyaların bir qismini geri qaytarmağa çalışır. O, bunun üçün özəl detektiv də cəlb edib. Mütəxəssisin fikrincə, hadisənin zərərçəkənin yaxın çevrəsindən olan şəxslər tərəfindən təşkil edilməsi ehtimalı da var. Polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, 28 yaşlı Eder Militao 2019-cu ildən “Real”da çıxış edir. O, Madrid klubu ilə üç dəfə İspaniya çempionu, iki dəfə Çempionlar Liqasının qalibi olub. Müdafiəçinin aktivində İspaniya Kuboku, iki İspaniya Super Kuboku və iki UEFA Super Kuboku da var. Braziliya millisinin üzvü 2019-cu ildə Amerika Kubokunun qalibi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: