“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının 10-cu turunda “Qəbələ”yə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Qəbələdə baş tutmuş görüşündə qapılara qol vurulmayıb – 0:0.
Qurban Qurbanov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Qalib gəlmək istəyirdik, alınmadı. Çünki qarşımızda çox istəkli, intizamlı oyun quran, yaxşı müdafiə olunan və sürətli əks-hücumlara çıxan kollektiv var idi. Bir daha görünür ki, çempionat asan keçmir, hər matça maksimum hazırlaşmalıyıq. Pozitiv şəkildə qarşıdakı görüşlərə baxacağıq. Çempionatın gedişinə baxsaq görərik ki, hər tur istənilən nəticə qeydə alına bilər. Oyunlarda daha yaxşı çıxış etməli və daha çox qol epizodları yaratmalıyıq. Bunu da qaydasına salacağımıza inanıram. Oyunçuların potensialı var və bunu önə çıxararaq daha yaxşı olmağa çalışacağıq.
“Qəbələ”də yeni baş məşqçi var. Yeton Bekirini tanıyıram. Çempionlar Liqasında ötən mövsüm onun komandasına qarşı oynamışdıq. “Qəbələ” get-gedə daha yaxşı olacaq. Lider olmaq istəyiriksə, əlbəttə, daha yaxşı oynamalıyıq. Çatışmazlıqlarımız var. Bu da normal haldır. Ümumi çempionatın gedişinə baxsaq, hər turda istənilən nəticə qeydə alına bilər”.
Qurban Qurbanov ilk hissənin sonunda Mateus Silva ilə Marko Yankoviç arasında yaranmış gərginlikdən və onların məhz buna görə fasilədə əvəzlənməsindən də söhbət açıb:
“Futbol emosional oyundur. Belə halları dünya futbolunda tez-tez görürük. Komanda yoldaşıdırlar, dostdurlar. Həmişə bir yerdədirlər, bir-birilərinə qarşı pozitiv olurlar. Tam araşdırmadım. Ola bilər ki, oyunda əsəbləşməyə səbəb olan hadisə var, bunu biz bilmirik. Amma yüz faiz cəzalanacaqlar. Çünki bu cür hallar komandanın nəticəsinə təsir edir. Onların fasilədə əvəzlənməsi də bununla bağlı idi”.
“Heyəti genişləndirmək istiqamətində işlərimiz gedir” – Qurban Qurbanov
Qurban Qurbanov komandanın yeni transferlərinin uğursuz olması barədə fikirlərə də münasibət bildirib:
“Komanda udanda uğurlu görünür, problemlər diqqət çəkmir. Deməzdim ki, transferlərdə yanlışlıq olub. Sadəcə, komandanı dinamik oyuna çatdırmaq üçün bir az vaxt lazımdır. İnşallah, düzələcək. Azarkeşlərimiz ümidsiz olmasınlar. Bəzi fikirlər yazılanda onun ətrafında cəmləşənlər çox olur, bir az neqativ yanaşma yaranır. Amma qətiyyən elə deyil. Yaxşı komandamız var. İnanıram ki, bizi qarşıda yaxşı oyunlar gözləyir. Heyəti genişləndirmək istiqamətində işlərimiz gedir. Daha yaxşı oynamalı, daha çox topa sahib olmalıyıq, qol epizodları yaratmalıyıq. Bunun üzərində işləyirik. Potensialımız, gücümüz var.
Futbol elə oyundur ki, daim dəyişikliklər olur. Birdən-birə böyük dəyişiklik haradasa düşüncələrimizə mane olur. Əvvəlkindən daha yaxşı olmağa çalışırıq. Bəlkə də tam düşündüyümüz tipdə oyunçular əldə edə bilmədik. Bəzən futbolçulara görə oyun qurmağa çalışırıq. Amma hər bir halda mənə elə gəlir ki, çatışmazlıqları aradan qaldıracağıq. Oyunçuların potensialı var. Çatışmazlıqlarımız var. Bunu gizlətmirəm. Belə yanaşmaq lazım deyil ki, “Qarabağ” əvvəlki kimi olmayacaq. Əksinə, daha yaxşı olmağa çalışırıq. Olmasa belə, bu, o demək deyil ki, biz əllərimizi yanımıza salmışıq. Yaxşı nəticələr qazanmağa çalışırıq”.
“1 xala layiq idik” – Yeton Bekiri
“Qəbələ”nin baş məşqçisi Yeton Bekiri isə heç-heçə barədə bunları dilə gətirib:
“Komandamdan razıyam. Müdafiədə yaxşı çıxış etdik. Qol vurmaq üçün də şanslarımız oldu. Ölkənin ən yaxşı komandalarından birinə qarşı oynadıq. Məncə, 1 xal qazanmağa layiq idik. Oyundan-oyuna, məşqdən-məşqə daha yaxşı çalışmalıyıq. Futbolçularım bunu edirlər. Mövsümün sonu üçün hansısa proqnoz deyə bilmərəm. Hər matçda hər birimiz maksimumu etməyə çalışmalıyıq. “Qəbələ”yə çempionatın gedişində gəldik. Oyunçuların bizim nə istədiyimizi başa düşməsi üçün müəyyən zaman lazımdır.
Futbolçuları yerli və ya əcnəbi olmasına görə dəyərləndirmirəm. Hamısı bir komanda kimi məşq edir. Kim daha yaxşıdırsa, o da start heyətində yer alır. Bu gün ilk “11-lik”də 5 azərbaycanlı futbolçu var idi. Onlardan razıyam. Razı olduğum üçün də start heyətində oynayırlar”.


