Ataman Güneyligil millimizin AÇ-yə hazırlığını dəyərləndirdi

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin baş məşqçisi Ataman Güneyligil Avropa çempionatına hazırlığı dəyərləndirib.

Arena.az xəbər verir ki, türkiyəli mütəxəssis Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlamasında bunları söyləyib:

“Hazırlığa ilk olaraq fitneslə başladıq, sonra fiziki məşqlərə keçdik. İndi toplarla məşqlərə start vermişik. Növbəti həftədən daha ciddi rejimdə, gün ərzində 6-7 saat məşq etməyi nəzərdə tuturuq. Bu müddətdə həm fiziki, həm də toplarla məşq edəcəyik, həmçinin müxtəlif taktikalar üzrə də işləyəcəyik.

Komandanın əksər oyunçuları hazırda Bakıdadır. Bir neçə voleybolçu qalıb ki, onlar da yaxın günlərdə komandaya qoşulacaqlar.

Bildiyiniz kimi təlim-məşq toplanışının birinci mərhələsini Bakıda keçirik. Növbəti mərhələdə Bolqarıstana yollanıb məşqlərimizə orada davam etməyi planlaşdırırıq. Bir neçə yoldaşlıq oyunu da nəzərdə tutulur”.

Xatırladaq ki, yığmamızın məşqləri hər gün baş məşqçi Ataman Güneyligilin rəhbərliyi ilə Voleybol Mərkəzində təşkil olunur. Türkiyəli mütəxəssisə yerli məşqçilər Emin Əbilov və Famil Ağayev də kömək edirlər.

33-cü Avropa çempionatı bu il 15 avqust – 3 sentyabr aralığında Belçika, İtaliya, Almaniya və Estoniyanın birgə ev sahibliyi ilə keçiriləcək. Azərbaycan millisi ardıcıl 10-cu dəfə qitənin ən nüfuzlu turnirində iştirak edəcək. Komandamız Almaniyanın ev sahibi olduğu C qrupunda yer alıb. Rəqiblərimiz meydan sahibi ilə yanaşı, Türkiyə, Çexiya, Yunanıstan və İsveç kollektivləridir. Qrup mərhələsində ilk dörd yeri tutacaq komandalar pley-off mərhələsinə yüksələcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaş: