Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan “İmişli” yarımmüdafiəçisi İdris İnqilablı ilə yeni müqavilə bağlayıb.
Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
24 yaşlı yarımmüdafiəçi ilə 2 illik sözləşmə imzalanıb. Onun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.
Xatırladaq ki, İdris İnqilablı 2024-cü ildən “İmişli”də çıxış edir. Mərkəz yarımmüdafiəçisi cari mövsümdə əyalət təmsilçisinin heyətində 28 oyuna çıxıb, 1 məhsuldar ötürmə müəllifi olub.
“Qəbələ”nin yetirməsi olan İdris karyerası ərzində “Sabah” və “Kəpəz”in də formasını geyinib. Yarımmüdafiəçi Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış etsə də, əsas millimizdə debüt şansı qazanmayıb.
Qeyd edək ki, “İmişli” ilk mövsümünü keçirdiyi Azərbaycan Premyer Liqasında hazırda 29 oyuna topladığı 29 xalla 9-cu sırada qərarlaşıb.


