UEFA ingilisləri irqçiliyə görə cərimələdi

Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) ingilis azarkeşlərin davaranışına görə İngiltərə Futbol Assosiasiyasını 15 min avro cərimə edib.

Arena.az bu barədə qitənin ali futbol qurumuna istinadən xəbər verir.

Cəzaya UEFA Millətlər Liqasının 2026/2027-ci illər mövsümünün qrup mərhələsi çərçivəsində noyabrın 15-də baş tutmuş İspaniya – İngiltərə (2:3) matçında qonaq azarkeşlərin irqçi və ayrı-seçkilik xarakterli davranışları səbəb olub.

Bundan əlavə, quruma tərəfdarlarına UEFA-nın bayrağı altında keçirilən milli komanda yarışlarının 1 səfər oyunu üçün bilet satışına tam məhdudiyyət qoyulub. Sözügedən sanksiya qərarın qəbul edildiyi tarixdən etibarən 2 illik sınaq müddəti ilə şərti tətbiq edilib.

Qeyd edək ki, sınaq müddəti nəzərdə tutulan intizam tədbirləri dərhal qüvvəyə minmir, lakin bu dövr ərzində oxşar xarakterli növbəti pozuntuya yol verilərsə, icra oluna bilər.

Xatırladaq ki, İngiltərə millisi son turda məhz İspaniya üzərində qazandığı səfər qələbəsi sayəsində bu qrupu birinci yerlə başa vuraraq final mərhələsinə vəsiqə qazanıb. İspaniya millisi isə ikinci yeri tutub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: