Dieqo Simeone Luis Araqonesi də geridə qoydu

Madridin “Atletiko” komandasının baş məşqçisi Dieqo Simeone İspaniya çempionatında qələbə sayına görə rekorda imza atıb.

Arena.az xəbər verir ki, argentinalı mütəxəssis La Liqanın 2026/2027-ci illər mövsümünün 13-cü turunda “Xetafe” üzərində səfərdə 3:0 hesablı qələbədən sonra bu göstəricidə yeni rekordun sahibi olub.

Bu, Simeonenin İspaniya çempionatında baş məşqçi kimi qazandığı 345-ci qələbədir. O, 344 qələbə ilə rekordu əlində saxlayan Luis Araqonesi geridə qoyub.

Simeone La Liqada baş məşqçi kimi 567, Araqones isə 756 matç keçirib.

Dieqo Simeone 2011-ci ildən “Atletiko”ya rəhbərlik edir. 56 yaşlı məşqçinin rəhbərliyi altında Madrid klubu iki dəfə İspaniya çempionu (2014, 2021), ölkə kubokunun (2013) və super kubokun (2014) qalibi olub.

Simeonenin “Atletiko”su həmçinin iki dəfə Avropa Liqasını (2012, 2018) və UEFA Super Kubokunu (2012, 2018) qazanıb, iki dəfə isə UEFA Çempionlar Liqasının finalına yüksəlib (2014, 2016).

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: