“Barselona” UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda “Sabah”la keçiriləcək oyun üçün Bakı şəhərinə yollanacaq.
Arena.az xəbər verir ki, Kataloniya təmsilçisinin Azərbaycan paytaxtına səfəri klub tarixində avrokuboklarda ən uzun səfər olacaq.
Hansi Flikin komandası “Sabah”la qarşılaşmaq üçün Barselonadan 3 970 kilometr məsafə qət edəcək. Bununla da “Barselona”nın avrokuboklardakı ən uzun səfəri ilə bağlı əvvəlki rekord yenilənəcək.
İndiyədək rekord 3 725 kilometrlə Rusiyanın Kazan şəhərinə məxsus idi. “Barselona” Pep Qvardiolanın rəhbərliyi altında 2009 və 2010-cu illərdə UEFA Çempionlar Liqasının qrup mərhələsində “Rubin”lə qarşılaşmaq üçün Kazana səfər edib. Hər iki oyun heç-heçə başa çatıb.
Kataloniya klubunun ən uzun səfərləri siyahısında üçüncü yerdə İsrailin Beer-Şeva şəhəri qərarlaşır. “Barselona” 1995-ci ildə UEFA Kubokunun ilk mərhələsində “Hapoel”lə qarşılaşmaq üçün 3 114 kilometr yol qət edib və həmin oyunda 7:0 hesablı qələbə qazanıb.
Daha sonra siyahıda 3 016 kilometrlə Moskva qərarlaşır. “Barselona” Rusiya paytaxtında müxtəlif illərdə “Dinamo”, ÇSKA, “Spartak” və “Lokomotiv”lə qarşılaşıb.
Yeri gəlmişkən, “Barselona”nın Bakıda media üçün açıq məşqinin vaxtı bəlli olub. Bu barədə Azərbaycan təmsilçisinin mətbuat xidməti məlumat yayıb. “Sabah”ın yaydığı məlumatda bildirilir ki, Kataloniya təmsilçisinin oyundan əvvəl mətbuat konfransı noyabrın 24-də saat 19:15-də, media üçün açıq məşqi saat 20:00-da start götürəcək.
“Sabah”ın mətbuat konfransı eyni gün saat 18:00-da, media üçün açıq məşqi isə saat 18:30-da başlayacaq.
Hər iki tədbir Bakı Olimpiya Stadionunda gerçəkləşəcək.
Xatırladaq ki, ÇL-in Liqa mərhələsinin 5-ci turunun “Sabah” – “Barselona” matçı noyabrın 25-də keçiriləcək. Qarşılaşmaya saat 21:45-də start veriləcək.


