Lamin Yamal “Sabah”la oyunu buraxacaq

İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal Bakıda “Sabah”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının oyununu buraxacaq.

Arena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 19 yaşlı vinger sağ topuğunda hiss etdiyi yüngül narahatlıq səbəbindən sözügedən matçda meydana çıxmayacaq.

Lamin Yamal ötən gün İspaniya La Liqasının 13-cü turunda qarşılaşdıqları və 3:2 hesabıyla qalib gəldikləri “Vilyarreal”la ev oyununda 90 dəqiqə meydanda olub. O, 23-cü dəqiqədə penaltidən yararlana bilməyib, 61-ci dəqiqədə isə məhsuldar ötürmə ilə yadda qalıb. Onun bazar günü “Deportivo”ya qarşı keçirəcəkləri çempionat görüşündə də iştirak edə biləcəyi gözlənilir.

“Barselona”nın müdafiəçisi Andreas Kristensenin də “Sabah”la oyunu buraxacağı dəqiqləşib. Bu barədə komandanın baş məşqçisi Hansi Flik məlumat verib.

Danimarkalı futbolçunun Bakıdakı qarşılaşmaya gah yetişəcəyi, gah da yetişməyəcəyi yazılırdı. Lakin Flik ötən həftə baldırından xəsarət almış Kristensenin də Yamal kimi, Azərbaycana yollanacaq heyətdə yer almayacağını deyib.

Andreasdan fərqli olaraq, digər müdafiəçilər Jül Kunde və Erik Qarsiya artıq kollektivlə birgədirlər. Onlar hətta “Vilyarreal”la dünənki görüşdə iştirak ediblər. Hər iki oyunçu bu gün Bakıya gələcək.

Xatırladaq ki, noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” matçı saat 21:45-də start götürəcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: