Kristiano Ronaldo 987-ci qolunu vurdu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandasının hücumçusu Kristiano Ronaldo karyerasında vurduğu qolların sayını 987-yə çatdırıb.

Arena.az xəbər verir ki, portuqaliyalı ulduz Asiya Çempionlar Liqasının 5-ci turunda bu gün keçirilmiş Qətərin “Əl-Sədd” komandası ilə ev oyununda fərqlənib.

Qarşılaşma “Əl-Nəsr”in 2:1 hesablı qələbəsi ilə başa çatıb. Ronaldo 13-cü dəqiqədə penaltidən dəqiq yararlanmaqla hesabı açıb.

“Əl-Nəsr” hazırda 9 xalla yarış cədvəlinin 5-ci pilləsində qərarlaşıb. Ronaldonun komandası ÇL-in əsas mərhələsində keçirdiyi 5 oyunda 3 qələbə qazanıb, 1 məğlubiyyətə üzülüb.

Kristiano Ronaldo 2023-cü ilin yanvar ayından “Əl-Nəsr”də çıxış edir. Portuqal ulduz ərəb klubuna 2023-cü ilin yanvarında “Mançester Yunayted”dən azad agent qismində keçib. Ronaldonun “Əl-Nəsr”lə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

Cari mövsümdə Ronaldo “Əl-Nəsr”in heyətində 14 oyuna çıxıb, 11 qol vurub. Kristianonun “Əl-Nəsr” karyerası ümumilikdə 162 oyun, 140 qol və 25 məhsuldar ötürmədən ibarətdir.

Kristiano Ronaldo “Əl-Nəsr”dən öncə “Real”, “Mançester Yunayted”, “Yuventus”, “Sportinq” (Lissabon) komandalarında çıxış edib. Portuqal ulduz bu komandaların hər biri ilə çoxsaylı qənimətlər qazanıb, müxtəlif rekordlara imza atıb. Ronaldo “Əl-Nəsr”lə də Ərəb Klublarının Çempionlar Kubokunu (2023) qazanıb, Səudiyyə Ərəbistanı çempionu (2025/2026) olub.

Kristiano Ronaldo 2003-cü ildə debüt etdiyi Portuqaliya yığmasının heyətində 234 oyuna 146 qol vurub və 45 məhsuldar ötürmə verib. Ronaldonun yığma komandanın heyətindəki oyun və qol sayı mütləq dünya rekordudur.

Ulduz futbolçu Portuqaliya yığmasının heyətində Avropa çempionatının (2016), UEFA Millətlər Liqasının (2019) qalibi, həmçinin Avropa çempionatını gümüş (2004) və bürünc (2012), FIFA Konfederasiyalar Kubokunun (2017) bürünc mükafatçısı olub.

“Transfermarkt” internet-portalı 41 yaşlı veteran hücumçunun transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: