“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas UEFA Çempionlar Liqasında “Barselona”ya qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, Azərbaycan və İspaniya çempionları arasındakı görüş sabah Bakı Olimpiya Stadionunda baş tutacaq.
Dambrauskas bu gün matçdan öncə təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:
“Lamin Yamalın Bakıya gəlməməsinə görə azərbaycanlı azarkeşlər adına üzüldüm. Çünki onlar Yamalı görmək istəyirdilər. Dünya futbolunun ikonlarından biridir, onu burada görmək yaxşı olardı. Gəncdir. Başa düşürəm ki, hər futbolçu üçün hər matçda oynamaq mümkün deyil. “Barselona”nın baş məşqçisi üçün bu, problem deyil. Çünki onun superulduzlardan ibarət komandası var. Qarşımızda dünyanın ən yaxşı oyunçularını görəcəyik. Bu futbolçuların hamısı ayrı-ayrılıqda hamısı superulduzdur. Ona görə də əlimizdən gələni etməliyik.
“Barselona”ya qarşı oynayırıqsa, motivasiyaya ehtiyac yoxdur. Futbolçularım artıq motivasiyalıdır. Uşaq olanda hər kəs özünü UEFA Çempionlar Liqasında “Barselona”, “Real”a qarşı oynamağı təsəvvür edirdilər. Bu cür oyunlar baş məşqçi üçün də çox asandır. Çünki hamı birdən-birə motivasiyalı olur. Heç kəsdə ağrı olmur, hamı özünü hazır hiss edir.
Bu cür matçlarda bizdən xüsusi bir şey tələb olunmur. Mümkün olan ən yaşı performansı sərgiləyərək, oyundan zövq alacağıq. Dünyanın ən yaxşı komandasına qarşı oynayacağıq. Maksimumu etsək də, bu səviyyəyə çatmaq mümkün deyil. İnkişaf etməli, daha artığını etməliyik. Sabah hər şey öz axarında olacaq. Gözəl gecə olacaqsa, hər kəs bu gecəni xatırlayacaq. Biz oyundan zövq almağa çalışacağıq”.
Dambaruaskas ilə birgə konfransa qatılmış “Sabah”ın özbək futbolçusu Umarali Rahmonaliyev də matçla bağlı gözləntilərini dilə gətirib:
“Oyunumu izləmək üçün bura gələn özbəkləri görürəm. Mənim üçün xoşdur ki, onlar çoxdur, mənim üçün gəlirlər. Ümid edirəm ki, yaxşı oyun olacaq. Bütün komadanın performansı azarkeşlər üçün xoş olacaq. Sabahkı matçda 100 faizimizdən daha çox performans göstərəcəyik”.


