“Hoffenhaym”ın macar mərkəz müdafiəçisi Attila Salai icarə əsasında Bundesliqanın digər iştirakçısı “Frayburq”un düşərgəsinə qoşulub.
Arena.az bu barədə “Frayburq”un mətbuat xidmətinə istinadən məlumat verir.
İcarə müqaviləsi cari mövsümün – iyun ayının sonuna qədər nəzərdə tutulub.
Attila Salai Macarıstanın “Vaşaş” klubunun yetirməsidir və buradan Vyana “Rapid”inə keçərək, Avstriya klubunun akademiyasında yetişib. Salai böyük futbolda elə, “Rapid”in heyətində debüt edib. Macar müdafiəçi karyerası ərzində “Mezyökövesdi”, “Apollon” (Limasol), “Fənərbaxça” və “Hoffenhaym”da çıxış edib.
Cari mövsümün ilk yarısında Salai bütün yarışlarda “Hoffenhaym”ın heyətində məhsuldar fəaliyyəti ilə diqqət çəkmədiyi 5 oyuna çıxıb.
Attila Salainin qənimətlər muzeyində “Fənərbaxça” ilə qazandığı 2022/2023 mövsümü Türkiyə Kuboku var.
Attila Salai 2019-cu ilin noyabrında debüt etdiyi Macarısatan yığmasının heyətində 41 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə verib. Salai Macarıstan yığmasının aşağı yaş qruplarından ibarət – U-15, U-16, U-17, U-18, U-19 və U-21 yığmalarından keçməklə, əsas yığmaya düşüb.
“Transfermarkt” internet-portalı 26 yaşlı macar müdafiəçinin transfer dəyərini 10 milyon avro məbləğində qiymətləndirir.

Attila Salaini icarəyə verən “Hoffenhaym” əvəzində “Benfika”nın sol cinah müdafiəçisi David Yuraseki heyətinə qatıb. Almaniya klubu Çexiya millisinin də üzvü olan 23 yaşlı futbolçunu bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
David Yurasek “Benfika”ya 2023-cü ilin iyul ayında Praqa “Slaviya”sından 14 milyon avro qarşılığında keçib. O, bu komandanın heyətində cəmi 12 oyuna çıxıb. Karyerası ərzində “Slaviya” (Praqa), “Brno”, “Prosteyov”, “Mlada Boleslav” kimi klubların formasını geyinmiş müdafiəçi, 2023-cü ilin martında debüt etdiyi çexiya milli komandasında 5 matça çıxıb.
“Transfermarkt” internet-portalı Yurasekin transfer dəyərini 8 milyon avro məbləğində qiymətləndirir.


