Azərbaycan millisi seçmə mərhələdən kənarlaşdırıldı – Koronavirusa görə

17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində iştirakdan məhrum edilib.

Arena.az xəbər verir ki, buna komandamızın bir neçə futbolçusunun koronavirusa yoluxması səbəb olub.

Belə ki, hazırda Belçikada səfərdə olan yığmamızın heyətində Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarovun (yarımmüdafiəçi, “Qarabağ”) COVID-19 testi pozitiv nəticələnib.

Belçikanın daxili qanunları nəzərə alınaraq, Azərbaycan millisinin üzvləri hazırda qaldıqları oteldə karantin rejimindədir.

AFFA ilə UEFA arasında aparılan danışıqlar, AFFA-nın Texniki departamentinin verdiyi rəy, komandamızın bir neçə gün ərzində karantin rejimi ilə əlaqədar məşq edə bilməməsi nəzərə alınaraq, AFFA ilə UEFA-nın qarşılıqlı razılaşması əsasında 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində çıxış etməməsi qərara alınıb.

Yaxın günlər ərzində UEFA tərəfindən millimizə müvafiq oyunlarda texniki məğlubiyyət verilməsi haqqında qərar qəbul oluna bilər.

Xatırladaq ki, Azərbaycan millisi AÇ-nin seçmə mərhələsində Norveç, Lüksemburq və Belçika yığmaları ilə birgə 3-cü qrupda yer almışdı. Komandamızın ilk oyunu oktyabrın 6-da Norveçə qarşı idi. Lakin həmin oyun məlum səbəblərdən qeyri-müəyyən müddətə təxirə salınmışdı. Belçika ilə görüş bu gün – 9 oktyabrda, Lüksemburqla matç isə ayın 12-də keçirilməli idi.