“Real”ın keçmiş müdafiəçisi Fernande Yerro “Liverpul”un misirli ulduzu Məhəmməd Salahı Madrid klubunun heyətində görmək istəyir.
Arena.az ispaniyalı keçmiş futbolçunun müvafiq fikrini təqdim edir:
“Salahı “Real”da görmək istərdim. Salah bütün cəhətlərdən inanılmazdır”, deyə Yerro vurğulayıb.
Xatırladaq ki, Salah cari mövsümün sonunda “Liverpul”dan ayrılacaq.
Məhəmməd Salah 2017-ci ilin iyul ayından “Liverpul”da çıxış edir. İngiltərə nəhəngi həmin dövrdə futbolçunun “Roma”dan keçidi müqabilində 42 milyon avro məbləğində xərc çəkmişdi. Hücumçunun “Liverpul”la müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə idi. Amma futbolçu cari mövsümün sonunda ayrılmaq istədiyi üçün klub onun gedişinə razılıq verib.
Salah cari mövsümdə “qırmızılar”ın heyətində 39 oyuna çıxıb, 12 qol vurub, 9 məhsuldar ötürmə müəllifi olub. Misirli hücumçunun “Liverpul”un heyətində çıxışının ümumi mənzərəsi 440 oyun, 257 qol, 122 məhsuldar ötürmədən ibarətdir.
Salah “Liverpul”la bütün mümkün ali klub yarışlarının qalibi olub.
Misirli ulduz həmçinin “Fiorentina”, “Çelsi”, “Bazel” və “Əl-Mukavilun” klublarında çıxış edib.
Məhəmməd Salah hazırda kapitanı olduğu, 2011-ci ilin sentyabr ayında debüt etdiyi Misir yığmasının heyətində 113 oyun keçirib, 65 qol vurub və 35 məhsuldar ötürmə verib.
“Transfermarkt” internet-portalı 33 yaşlı misirli hücumçunun transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.


