Azərbaycan yığması üçün Şopron sınağı

Üzgüçülük üzrə yeniyetmə və gənclərdən ibarət Azərbaycan yığması Macarıstanda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək.

Arena.az xəbər verir ki, komandamız bu sözügedən ölkənin Şopron şəhərinə yollanıb.

Bu gün start götürəcək beynəlxalq turnir aprelin 16-na qədər davam edəcək. Azərbaycan yığması baş məşqçi Rəşad Əbdürrəhmanovun rəhbərliyi altında bu yarışda 18 idmançı ilə təmsil olunacaq.

Turnirdə Almaniya, Fransa, Macarıstan, Slovakiya, Xorvatiya və Azərbaycan üzgüçülüəri öz güclərini sınayacaqlar.

Millimizin baş məşqçisi Rəşad Əbdürrəhmanov turnir öncəsi Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinə açıqlama verib:

“Bu, üzgülük üzrə çox mötəbər bir beynəlxalq turnirdir. Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri sırasında Azərbaycan idmançılarının da belə bir geniş tərkibdə iştirak etməsi çox qürurvericidir. Bu, idmançılarımız üçün böyük beynəlxalq təcrübə olacaq. Belə turnirlərdə üzgüşülərimizin, özü də yeniyetmə üzgüçülərin öz güclərini sınamaları onları gələcəkdə güclü idmançı kimi yetişməsində çox dəstək olur. Bizə bu yarışda iştirak üçün dəstək verən Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk”.

Millinin baş məşqçisi qeyd edib ki, yetirmələrin bu yarışda yaxşı mübarizə aparacaqlarına böyük ümidləri var:

“Bir müddət əvvəl bu yeniyetmələrlə bir neçə dəfə təlim-məşq toplanışlarında ümumi məşqlər keçirilib. Onlar üçün bu beynəlxalq turnir çox yaxşı təcrübə olacaq. İnanırıq ki, üzgüçülərimiz bu turnirdə yaxşı nəticələr göstərməyə çalışacaqlar”.

Xəbəri istədiklərinizlə paylaşın