“Sabah”ının baş məşqçisi Valdas Dambrauskas Premyer Liqadakı fasilədən istifadə edərək həyat yoldaşı ilə birlikdə Azərbaycanın bölgələrinə səyahət edib.
Arena.az xəbər verir ki, litvalı mütəxəssis bu barədə “İnstagram” hesabında fotolar paylaşıb və bunları qeyd edib:
“Şahdağ dağlarında necə də gözəl bir gün! Gəzinti və möhtəşəm mənzərələrdən zövq almaq… Bu cür yerlərdə futbol qapıları görməyi gözləməzsiniz. Onlara çatmaq praktik olaraq mümkün deyil və bəli, onlar oradadır! Təxminən 2000 metr hündürlükdə! Bu idman növünün, futbolun nə qədər güclü olduğuna və bütün dünyada insanlar üçün nə qədər vacib olduğuna heyran qalmağımdan heç vaxt əl çəkmirəm! Bu oyuna xidmət etdiyim üçün xoşbəxtəm…”.
Xatırladaq ki, Valdas Dambrauskas 2025/2026-cı illər mövsümündən əvvəl “Sabah”a baş məşqçi təyin edilib. 48 yaşlı mütəxəssis paytaxt təmsilçisini 16 oyuna çıxarıb, 8 qələbə, 4 heç-heçə və 4 məğlubiyyət görüb.
Litvalı mütəxəssis baş məşqçi karyerası ərzində Litvanın “Ekranas” (2013-2014), “Jalgiris” (2014-2017), Latviyanın RFS (2017-2020), Xorvatiyanın “Qoritsa” (2020-2021), “Hayduk” (2021-2022), Bolqarıstanın “Ludoqorets” (2021), Yunanıstanın “OFİ Krete” (2022-2023), Kiprin “Omoniya” (2024) və Macarıstanın “Dyoşdyor” (2025) klublarında da çalışıb.



