Dambrauskas: “Hakim qərarlarının məntiqini tapa bilmədim”

“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının 13-cü turunda “Araz-Naxçıvan”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Bakıda baş tutmuş görüşü meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Dambrauskas qarşılaşmadan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Bu oyun bizim üçün çox böyük çağırış idi. Çünki “Barselona” ilə Çempionlar Liqası matçından sonra “Araz-Naxçıvan”la qarşılaşmaya tam hazırlaşa bilməmişdik. Sadəcə, bərpa məşqi keçmişdik. Bir az məşq etdik, sonra oyuna çıxdıq. Nə deyirsinizsə, deyin, bu görüş bizim üçün çox çətin idi. Əlbəttə, “Araz-Naxçıvan” topla çıxışlarda çox yaxşı idi. İndiyədək oynadığımız komandaların 70-80 faizindən daha yaxşı şəkildə arxadan topla çıxırdılar. Rəqibin qapıya endirilən zərbələri çatışmırdı. Bu zərbələrin sayı kifayət qədər deyildi. Amma biz də çox hazırlıqlı idik. Bəzən pressinqi yaxşı edirdik, bəzən də istədiyimiz kimi alınmırdı. Amma bu gün pressinqdən sonra 3-4 qol fürsəti yaratdıq. Həmin epizodlarda top tora daxil olmasa da, uzaq məsafədən 2 möhtəşəm zərbə ilə fərqləndik. Mən yenə də öz oyunçularımı, “Sabah” ailəsini bu qələbə münasibətilə təbrik edirəm.

Mən hakimlər barəsində danışmaq istəyirəm. Bu gün verilən qərarları başa düşmədim. Çempionlar Liqasında oynadıqdan sonra ölkə çempionatına qayıdırıq və burada bəzən çox fərqli qərarlarla qarşılaşırıq. Hakimlərin qərarlarını anlamaq çətin idi. Bizə həddindən artıq sarı vərəqə göstərildi və məncə, onların bəziləri verilməməli idi. Heç vaxt hakimlərdən bizə kömək etmələrini istəmirəm. Çünki bir qayda pozuntusuna görə cərimə zərbəsi təyin edilirsə, eyni pozuntuya görə rəqibə də oxşar münasibət göstərilməlidir. Amma bu matçdakı hakimliklə bağlı xoş hisslərimin olduğunu deməzdim. Onu da əlavə edim ki, uduzsaydıq, hakimlik barədə danışmayacaqdım. Ancaq bu gün qəbul edilən qərarların məntiqini tapa bilmədim”.

Yuri Maksimov heyət kasadlığından şikayətləndi

“Araz-Naxçıvan”ın baş məşqçisi Yuri Maksimov isə komandasının məğlubiyyətinə belə aydınlıq gətirib:

“Çempionlar Liqasında mübarizə aparan komandaya qarşı oynamaq xoşdur. Çətin oyun olacağını bilirdik. Komandamız komplektləşməyib, oyunçularımız çatmır. Futbolçular əllərindən gələni etməyə çalışdılar. Biz də qalib gəlmək istəyirik. Amma hələ alınmır. Qış fasiləsində transferlərə ehtiyac var. Hər bir halda nəsə etməyə çalışacağıq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: