Futbol üzrə Azərbaycan milli komandasının və “Qarabağ”ın mərkəz müdafiəçisi Bəhlul Mustafazadə əməliyyat olunub.
Arena.az bu barədə Ağdam klubunun mətbuat xidmətinə istinadən xəbər verir.
Belə ki, UEFA Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la keçirilmiş ilk oyun zamanı zədələnən müdafiəçi sol budunun adduktor əzələlərində və qasıq nahiyəsində yaranmış problem səbəbindən cərrahi əməliyyat keçirib. Mustafazadənin təxminən 3-4 həftə sonra həkimlərin nəzarəti altında bərpa prosesinə başlaması planlaşdırılır.
İlkin tibbi rəyə əsasən, reabilitasiya dövrünün təxminən 10-12 həftə davam edəcəyi gözlənilir.
Xatırladaq ki, “Qəbələ”nin yetirməsi olan Bəhlul Mustafazadə 2021-ci ilin yayından “Qarabağ”ın uğurları üçün çalışır. O, cari mövsümdə meydana çıxdığı 24 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib. O, Ağdam təmsilçisinin heyətində bütövlükdə 163 oyuna çıxıb, 6 qola imza atıb, 2 assist edib. Bəhlulun “Qarabağ”la 2027-ci ilin 30 iyununa qədər qüvvədə olan müqaviləsi var.
27 yaşlı müdafiəçi “Qarabağ” və “Qəbələ”dən başqa “Sumqayıt” və “Sabah”da da forma geyinib. O, 2019-cu ilin sentyabr ayında debüt etdiyi Azərbaycan milli komandasında da 43 oyun keçirib, 1 qol vurub.


