Bu il mayın 29-dan iyunun 4-dək Azərbaycanın paytaxtı Bakıda təşkil olunacaq taekvondo üzrə dünya çempionatının məkanı müəyyənləşib. Arena.az xəbər verir ki, bu, Ümumdünya Taekvondo Federasiyasının (WTF) baş katibi Cankan Sionun Bakıya işgüzar səfəri zamanı bəlli olub.
Sionun Bakıya səfəri məhz dünya çempionatına hazırlıq işləri ilə yerindəcə tanış olmaq və Azərbaycan Taekvondo Federasiyasının (ATF) rəhbərliyi ilə müzakirələr aparmaq olub. WTF rəsmisi səfər çərçivəsində gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasileva, ATF prezidenti Kəmaləddin Heydərov və vitse-prezident Nağı Səfərovla görüşlər keçirib. Görüşlərdə ölkəmizin ilk dəfə ev sahibliyi edəcəyi mundiala hazırlıqla bağlı fikir mübadiləsi aparılıb.
Görüşlərin yekununa əsasən dünya çempionatının keçiriləcəyi məkan dəqiqləşib. Cankan Sioya dünya çempionatını təşkil etməyə bir neçə arena təklif olunub. Sonda yarışın Bakı Kristal Zalında keçirilməsinə qərar verilib.
Xatırladaq ki, Mundial Ümumdünya Taekvondo Federasiyasının 50 illiyinə təsadüf edəcəyindən yubiley ölkəmizdə qeyd olunacaq. Əvvəlkilərdən fərqlənəcək dünya çempionatına 3000-dək qonağın gəlişi gözlənilir.


