Hazard: “Dembele müstəsna istedada malikdir”

Belçikalı keçmiş cinah hücumçusu Eden Hazard PSJ-nin fransalı mərkəz hücumçusu Usman Dembele haqda qənaətini açıqlayıb.

Arena.az veteran futbolçunun müvafiq açıqlamasını təqdim edir:

“Dembele müstəsna istedada malikdir, amma hesab etmirəm ki, o, qəfildən açılışıb. Onun imkanları bir neçə il öncə də görünürdü, amma indi onun tərəqqi edə biləcəyi də məlum olub”, deyə Hazard vurğulayıb.

Xatırladaq ki, Usman Dembele PSJ-yə 2023-cü ilin avqust ayında 50 milyon avro məbləğ müqabilində “Barselona”dan keçib. Fransalı cinah hücumçusunun Paris klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.

2025/2026-cı illər mövsümündə Dembele PSJ-nin heyətində bütün yarışlarda 32 oyuna çıxıb, 16 qol vurub, 8 məhsuldar ötürmə verib.

Usman Dembelenin Fransa nəhəngi üçün xidməti ümumilikdə 127 oyun, 57 qol və 38 məhsuldar ötürmədən ibarətdir.

Dembele PSJ-dən öncə “Barselona”, “Borussiya” (Dortmund) və “Renn”in uğurları üçün çalışıb.

Usman Dembele 2016-cı ilin sentyabr ayında debüt etdiyi Fransa yığmasının heyətində 58 oyun keçirib, 7 qol vurub, 4 məhsuldar ötürmə verib. Usman “xoruzlar”la Rusiyada keçirilmiş DÇ-2018-in qalibi olub.

“Transfermarkt” internet-portalı 28 yaşlı fransalı sağ cinah hücumçusunun transfer dəyərini 100 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: