Baxşıyev: “O epizodda penalti olduğunu hakimdən başqa hər kəs gördü”

“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 12-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 0:0 hesabıyla bitən matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bilirdik ki, bizi ağır oyun gözləyir. “Qarabağ” çempionatımızın lideridir və öz oyun dəst-xətti ilə seçilən komandadır.

Futbolçularımızı ağır matça hazırlamışdıq. Təhlükənin haradan gələcəyini bilirdik. Komandamız meydanda istədiyimizi verdi və əzmkarlıq göstərdi. Bərabər səviyyəli oyun alındı. Fikrimcə, azarkeşlər üçün maraqlı, dinamik oyun alındı. Çalışacağıq ki, bu tempi qoruyaq və iddiamızı hər görüşdə ortaya qoyaq.

Hakimlik barədə danışmaq istəmirəm. Amma elə epizodlar var ki, onları vurğulamaq lazımdır. Ülvi İsgəndərovun epizodunda penalti olduğu hakimdən başqa hər kəsə aydın idi.

Komandanın oyunundan razıyam. Daha da yaxşı ola bilərik. İnanıram ki, getdikcə daha yaxşı olacağıq. Oyunun ab-havasını götürəndə belə matça ilk dəfə təyinat alan hakimin göndərilməsi qəribə gəldi. Ümumi götürəndə oyunu aşağı səviyyədə idarə etmədi. Matçın tempini saxlamağı bacardı. Amma bəzi epizodlar var ki, bizdə müəmma yaratdı”.

Xəbəri sosial şəbəkələrdə paylaş: