Almaniya çempionu “Bayern”in təcrübəli qapıçısı Manuel Noyer UEFA Çempionlar Liqasının (ÇL) antirekordunu təkrarlayıb.
Arena.az xəbər verir ki, bu, ÇL-in 2025/2026-cı illər mövsümünün yarımfinal mərhələsinin PSJ (Fransa) ilə ilk oyununda qeydə alınıb.
Almaniyalı qolkiper 4:5 hesabıyla uduzduqları matçda qapıya vurulan 5 zərbədən heç birini dəf edə bilməyib. PSJ futbolçularının çərçivəyə endirdiyi zərbələrin hamısı qollarla nəticələnib. Beləliklə, Noyer turniridə nadir antirekordu təkrarlayıb.
Oxşar hadisə sonuncu dəfə 2000-ci ildə baş verib. O zaman “Çelsi”nin qapıçısı Ed de Qeye də “Barselona”ya qarşı 1/4 finalda bir dənə də olsun seyv etmədən 5 qol buraxmışdı.
Xatırladaq ki, Manuel Noyer “Şalke”nin yetirməsidir. Alman qapıçı 2011-ci ilin iyulundan “Bayern”də çıxış edir. Noyer Münhen klubuna 30 milyon avro məbləğ müqabilində elə, “Şalke”dən transfer edilib.
Qapıçının Münhen klubu ilə cari müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvədədir.
Noyer cari mövsümdə “Bayern”in heyətində 35 oyuna çıxıb, 38 qol buraxıb, 11 oyunda qapısının toxunulmazlığını təmin edib.
Təcrübəli qapıçının “Bayern” karyerası ümumilikdə 596 oyun, 497 buraxılmış qol və 269 “quru” oyundan ibarətdir. Noyer bu komanda ilə birlikdə 13 dəfə Almaniya çempionu, 5 dəfə Almaniya kubokunun və 2 dəfə UEFA Çempionlar Liqasının qalibi olub.
Noyer 2009-cu ilin iyununda debüt etdiyi və 2024-cü ildə iştirakına xitam verdiyi Almaniya yığmasının heyətində ümumilikdə 124 oyun keçirib, 118 qol buraxıb, 51 oyunda qapısını toxunulmaz saxlayıb.
Alman qapıçı “bundestim”lə DÇ-2014-ün qalibi olub. Noyer həmçinin Almaniyanın U-21 yığması ilə Avropa çempionatını (2009) qazanıb.
“Transfermarkt” internet-portalı 40 yaşlı alman qapıçının transfer dəyərini 4 milyon avro məbləğində qiymətləndirir.


