Boks yığmamızdan dünya çempionatında növbəti “bürünc”

Azərbaycan yığması Serbiyanın paytaxtı Belqradda boks üzrə dünya çempionatında növbəti medalını rəsmiləşdirib. Arena.az xəbər verir ki, komandamızın aktivinə ikinci bürünc mükafatı Sərxan Əliyev (71 kq) əlavə edib.

İlk 3 mərhələdə Stefen Nevns (Şotlandiya), Yuta Akiyama və Obed Bartiyə (ABŞ) qalib gələn həmyerlimiz yarımfinalda ukraynalı Yuri Zaxariyevlə üz-üzə gəlib. Görüş rəqibin qələbəsi ilə yekunlaşdığından Əliyev bürünc medalla kifayətlənib.

Ondan öncə Məhəmməd Abdullayev də mundialı 3-cü pillədə başa vurub. +92 kq çəki dərəcəsində mübarizə aparan “Baku Fight Lab”ın üzvü Yonas Yazeviçyus (Litva), Vladan Babiç (Serbiya) və Narenderin (Hindistan) ardınca Davit Çaloyanla (Ermənistan) qarşılaşıb. Yarımfinal görüşündə rəqib üstün olduğundan Məhəmməd dünya çempionatını 3-cü pillədə başa vurub.

Qeyd edək ki, sabah boks üzrə Azərbaycan millisinin üzvü Alfonso Dominqes (86 kq) final görüşünə çıxacaq. O, braziliyalı Keno Maçadonu sınağa çəkəcək. Avropa Oyunlarının qalibi olan boksçumuz yarımfinalda kubalı Ruis Kordobanı məğlub edib. Asif Axundov klubunun üzvü gərgin keçən döyüşü 4:1 (30:27, 29:28, 30:27, 29:28, 30:27) hesabı ilə aktivinə yazıb.

Bu dünya çempionatı ilk dəfə 13 çəki dərəcəsində təşkil olunub. Mundialda 105 ölkədən 650 idmançı iştirak edir. 2 600 000 ABŞ dolları mükafat fondu olan yarışda çempion olacaq boksçular 100 000 dollar qazanacaq. İkinci yerin sahibi 50 000 dollar, üçüncü pilləni tutacaq boksçu 25 000 dollar mükafat alacaq.