Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətinə qoşulacaq.
Arena.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, 20 yaşlı müdafiəçi iyunun 14-dən etibarən Samir Əliyevin baş məşqçi olduğu U-21-in düşərgəsinə qoşulacaq.
Xatırladaq ki, Hüseynov daha öncə Canni De Byazi tərəfindən əsas millimizin heyətinə cəlb olunmuşdu. Lakin görünür U-21-in baş məşqçisi Samir Əliyevin müraciəti sayəsində o, gənclərdən ibarət milliyə göndərilib.
Onu da qeyd edək ki, Cəlal Hüseynov ötən gün Bolqarıstanın “Arda” klubu ilə 3 illik müqavilə imzalayıb.
Azərbaycanın U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunları keçirək. Azərbaycanın əsas milli komandası isə ayın 17-də AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Estoniyanı qəbul edəcək.


