“Çelsi” “Kristal Pelas”la oyunda klub rekordunu müəyyənləşdirdi

İngiltərə Premyer Liqasının 24-cü turunda “Çelsi”nin “Kristal Pelas” üzərində 3:1 hesablı səfər qələbəsi “zadəganlar” üçün əlamətdar olub.

Arena.az məlumat verir ki, bu qələbə sayəsində klubun qələbə silsiləsi üzrə rekord müəyyənləşib.

“Zadəganlar” ardıcıl 13-cü dəfə “Kristal Pelas”ı məğlub etməklə, klub tarixində bir komandaya qarşı ən uzun qələbə silsiləsini müəyyən ediblər.

Paytaxt təmsilçisi bu qələbəni dramatik mənzərədə əzmkarcasına qazanıb. Belə ki, oyunun 30-cu dəqiqəsində Xefferson Lerma “qartallar”ı hesabda önə keçirib. “Zadəganlar” 47-ci dəqiqədə Konor Qallaxerin qolu ilə bərabərliyi yaxalayıblar. Oyunun təzminat vaxtında isə “zadəganlar” qələbəni qoparıblar. 90+1-ci dəqiqədə Konor Qallaxer yenidən səhnəyə çıxıb – 2:1. 90+4-cü dəqiqədə isə Enzo Fernandes fərqlənərək, komandasının qələbəsini rəsmiləşdirib – 3:1.

“Çelsi” 24 oyundan 34 xal toplayıb və hazırda Premyer Liqanın turnir cədvəlinin ekvatorunda – 10-cu pillədə yer alıb. “Kristal Pelas” isə 24 xalla 15-ci pillədədir.

24 oyundan 54 xalla “Liverpul” lider, 23 oyundan 52 xal toplamış “Mançester Siti” isə potensial lider statusundadır.