Cüdo Federasiyasında yeni prezident – Rəşad Nəbiyev

Bu gün Azərbaycan Cüdo Federasiyasında növbədənkənar hesabat-seçki konfransı keçirilib. Arena.az xəbər verir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunub.

Tədbirdə Rövnəq Abdullayev, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, Rəşad Nəbiyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak edib. Növbədənkənar seçki federasiyada rəhbər dəyişikliyi ilə əlamətdar olub. Belə ki, qurumun əvvəlki prezidenti Rövnəq Abdullayevin səlahiyyətlərinə son verilib. Əvəzində Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti seçilib.

Cüdo Federasiyasındakı bu dəyişikliyə son illərdə Azərbaycan cüdoçularının beynəlxalq yarışlardakı uğursuz çıxışı səbəb göstərilir. Cüdo yığmamız Tokio-2020 Olimpiya Oyunlarında da uğursuz çıxışı ilə yadda qalmışdı. Azərbaycan prezidenti İlham Əliyev Fərid Qayıbovu gənclər və idman naziri təyin edərkən federasiyalarda görülən işlərdən narazılığını dilə gətirmiş, yeni nazirə bu sahədə araşdırmaların aparılması ilə bağlı tapşırıq vermişdi. İlk islahata məruz qalan Cüdo Federasiyası oldu. Lakin oxşar islahatların digər federasiyalarda olacağı da istisna edilmir.

Xatırladaq ki, Rövnəq Abdullayev 2015-ci ildə Cüdo Federasiyasında prezident postuna seçilmişdi.. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) rəhbəri olan Rövnəq Abdullayev eyni zamanda AFFA-nın da prezidentidir.

Rəşad Nəbiyev kimdir?

Rəşad Nəbi oğlu Nəbiyev 26 avqust 1977-ci ildə dünyaya gəlib.

1994-2000-ci illərdə Prezident yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alıb. O, bu ali təhsil ocağında dövlət və bələdiyyə idarəetməsi ixtisası üzrə bakalavr və magistr dərəcəsinə yiyələnib.

2000-2002-ci illərdə ABŞ-ın Şərqi Karolina Universitetində iqtisadiyyat üzrə magistr dərəcəsi alıb. Daha sonra təhsilini Harvard Universitetinin Kennedi İdarəçilik Məktəbində davam etdirərək 2006-cı ildə “Yüksək vəzifəli icraçı şəxslər üçün Dövlət maliyyə idarəetməsi proqramı”nı bitirib.

1997-2000-ci illərdə Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında İnformasiya resursları və texnologiyaları mərkəzində və Xarici əlaqələr şöbəsində işləyib.

2002-2004-cü illərdə Azərbaycan Mərkəzi Bankının Bazar əməliyyatları departamentinin əməkdaşı olub.

2004-2011-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Prezidentinin 2011-ci il 24 yanvar tarixli sərəncamı ilə “Azərkosmos” ASC-nin sədri vəzifəsinə təyin edilib. Rəşad Nəbiyev tam 10 il bu vəzifədə çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 26 yanvar tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib.

Rus və ingilis dillərini bilir. Ailəlidir, 3 övladı var.