Zelim Tçkayev AÇ-də bürünc medalla kifayətləndi

Azərbaycan cüdoçusu Zelim Tçkayev (81 kq) Gürcüstanın paytaxtı Tiflisdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

Arena.az xəbər verir ki, bu gün Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayıb.

Yarışın üçüncü günündə Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kq), Murad Fətiyev (90 kq) və Südabə Ağayeva (70 kq) tatamiyə çıxıblar.

Südabə Ağayeva 1/8 finalda Szofi Ozbasa (Macarıstan), eyni mərhələdə Ömər Rəcəbli (81 kq) Vasiliye Qrujiçiçə (Serbiya), Murad Fətiyev (90 kq) isə 1/16 finalda Aleks Çretə (Rumıniya) uduzaraq yarışı mükafatsız başa vurublar.

Yalnız Tçkayevin çıxışı nisbətən uğurlu alınıb. İdmançımız üçüncü yer uğrunda görüşdə belçikalı Mattias Kasseyə qalib gəlib və qitə birinciliyini bürünc medalla tamamlayıb.

Qeyd edək ki, Avropa çempionatı aprelin 19-da başa çatacaq.

Daha əvvəl Azərbaycan cüdoçularından Hidayət Heydərov (73 kq) gümüş, Əhməd Yusifov (60 kq) və Turan Bayramov (66 kq) bürünc medal qazanıblar.

Xəbəri sosial şəbəkələrdə paylaş: