Cüdo üzrə Azərbaycan yığma komandasının üzvü Kənan Nəsibov Xorvatiyanın paytaxtı Zaqreb şəhərində təşkil edilmiş qran-prinin qalibi olub.
Arena.az xəbər verir ki, Zaqreb qran-prisinə noyabrın 15-də yekun vurulub.
+100 kq çəki dərəcəsində mübarizə aparan Kənan Nəsibovun ilk rəqibi qazaxıstanlı Jantilek Nurtilepul olub. O, həm bu rəqibini, həm də növbəti mərhələlərdə qarşılaşdığı fransalı Tieman Diabi və gürcüstanlı Saba İnaneyşvilini məğlub edərək finala yüksəlib. Həlledici görüşdə Almaniya təmsilçisi Losseni Koneni də üstələyən Nəsibov qızıl medala sahib çıxıb.
Azərbaycanın digər ağır çəkili cüdoçusu Uşanqi Kokauri (+100 kq) serbiyalı İqor Vraçar və qazaxıstanlı Yerasil Kajıbayev üzərində qələbə qazansa da, yarımfinalda Koneni keçə bilməyib. Kokauri bürünc medal uğrunda ukraynalı Yevgeni Baliyevski ilə qarşılaşmalı idi. Lakin Azərbaycan təmsilçisi hələlik açıqlanmayan səbəbdən görüşə çıxmayıb.
Digər cüdoçularımızdan Vüqar Talıbov (90 kq) ilk görüşündə macar Peter Şafranıya, Əjdər Bağırov (100 kq) isə ikinci qarşılaşmasında isveçrəli Daniel Eyçiyə uduzub. Mədinə Kaisinova (+78 kq) da ilk görüşdə polşalı Kinqa Volçaka məğlub olub.
Beləliklə, Azərbaycan Zaqrebdə iki medal qazanıb. Kənan Nəsibov qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medala sahib çıxıb.
Yekun komanda hesabında Azərbaycan 2 medalla (1 qızıl, 1 bürünc) 8-ci yeri tutub. Braziliya 4 qızıl, 1 gümüş medalla birinci, Kanada 2 qızıl və 2 bürünclə ikinci, Qazaxıstan isə 1 qızıl və 2 gümüş medalla üçüncü olub.


