Renat Dadaşov ehtiyatda qaldı, “Bukovina” 3 qola sevindi

Azərbaycan millisinin mərkəz hücumçusu Renat Dadaşov Ukraynanın “Bukovina” komandasının “Livyi Bereq”lə matçını buraxıb.

Arena.az xəbər verir ki, sözügedən komanda ötən gün Ukrayna Premyer Liqasının 2026/2027-ci illər mövsümünün 11-ci turu çərçivəsində səfərdə “Livyi Bereq”lə qarşılaşıb.

Renartın komandası bu görüşdən 3:0 hesablı qələbə ilə ayrılıb. Xeyli müddət idi zədəli olan Renat bu görüşün iştirak ərizəsinə daxil edilsə də, sonadək ehtiyatda qalıb.

“Bukovina” 12 turdan sonra 13 xalla 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb. Sözügedən komanda keçirdiyi 12 oyunda 2 qələbə qazanıb, 7 heç-heçə edib, 3 məğlubiyyətə üzülüb.

Xatırladaq ki, Dadaşov Ukrayna klubuna bu yay azad agent kimi qoşulub və 1+1 illik müqaviləyə imza atıb. O, indiyə qədər “Bukovina”nın heyətində 4 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

Renat Dadaşov ötən mövsümü Polşanın “Motor” (Lyublin) klubunda keçirib. Lyublin klubunun heyətində meydana çıxdığı 22 oyunda heç bir məhsuldar fəaliyyəti ilə yadda qala bilməyib.

Xatırladaq ki, Dadaşov 2024/2025-ci illər mövsümünü Polşanın digər klubu “Radomyak”da keçirmişdi.

Renat karyerası ərzində “Qrasshopper”, “Tondela”, “Eştoril”, “Pasuş de Ferreyra”, “Hatayspor”, “Ankaragücü” kimi klublarda da forma geyinib. O, Azərbaycan milli komandasının heyətində meydana çıxdığı 48 oyunda 7 qol, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: