Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov sabah Andorra yığmasına qarşı keçirəcəkləri yoxlama oyunundan öncə fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, sözügedən komandalar sabah – noyabrın 16-da Enkam şəhərində yerləşən “Estadi de la FAF” stadionunda üz-üzə gələcəklər.
Ayxan Abbasov bu gün təşkil edilmiş mətbuat konfransında ilk növbədə sabah millimizdə sonuncu oyununu keçirəcək Emin Mahmudovla bağlı fikirlərini dilə gətirib:
“Eminə gələcək həyatında uğurlar arzulayıram. O, millimizin tarixində iz qoyan futbolçulardandır. Komandamızın qazandığı qələbələrdə onun böyük rolu olub. Onunla birlikdə çalışmaq bizim üçün xoş idi. Klub səviyyəsində bir yerdə işləməsək də, milli komandada bu fürsətimiz oldu. Emin həm qələbələrimizdə, həm də məğlubiyyətlərimizdə bizimlə bir yerdə olub. O, hələ futbolçu karyerasını tam başa vurmur. İnanıram ki, öz klubunda azarkeşləri qarşısında da son oyununu keçirəcək. Sabah isə onun üçün oynayacağıq.
Bu, millimizin builki son oyunudur. Gərgin matçdan sonra yoxlama görüşünə çıxacağıq. Andorra son illərdə inkişaf edən komandalardandır. Baş məşqçisi səhv etmirəmsə, 16 ildir ki, komandada çalışır. Sabah rotasiyalı heyətlə meydana çıxacağıq və buraya gələn hər bir futbolçuya şans vermək istəyirik. Ən önəmlisi gənc futbolçuları qazanmaqdır. Hazırda komandamızda gənclərimiz də var və onları milliyə qazandırmaq üçün bu, yaxşı fürsətdir. Sabahkı oyunda məsuliyyəti öz üzərlərinə götürməlidirlər. İlin son oyununu qələbə ilə başa vurmaq istəyirik. Maksimum nəticə əldə etməyə çalışacağıq”.


