Azərbaycanın qadınlardan ibarət “Kür” həndbol komandası Avropa Kubokunun 2026/2027-ci illər mövsümündə bu gün növbəti oyununa çıxıb.
Arena.az xəbər verir ki, Mingəçeviri təmsil edən kollektiv turnirin 3-cü təsnifat mərhələsinin cavab oyununda Şimali Makedoniyanın “Çair” komandası ilə üz-üzə gəlib.
Azərbaycan bu rəqibi ilə yenə doğma meydanda qarşılaşıb. Görüş “Kür”ün 21:32 hesablı məğlubiyyəti ilə başa çatıb. İlk hissədə də qonaqlar üstün olublar – 9:14.
Xatırladaq ki, bu komandalar arasında ilk qarşılaşma da “Kür” üçün uğursuz nəticələnmişdi. Həmin oyunda Mingəçevir təmsilçisi 24:27 hesabı ilə məğlub olmuşdu. Beləliklə, iki oyunun nəticəsinə əsasən “Çair” növbəti mərhələyə yüksəlib.
Qeyd edək ki, “Kür” Avropa Kubokunun 3-cü təsnifat mərhələsinə qədər Kiprin APOEL klubunu mübarizədən kənarlaşdırmışdı. Azərbaycan təmsilçisi ilk oyunda rəqibini 40:18, cavab qarşılaşmasında isə 39:13 hesabı ilə məğlub edib.
Beləliklə, Azərbaycan komandası üçün Avropa Kubokunun builki mövsümü başa çatıb.


