Culiano Simeone “Atletiko” ilə yeni müqaviləyə imza atdı

İspaniyanın “Atletiko” (Madrid) klubu argentinalı cinah hücumçusu Culiano Simeone ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

23 yaşlı vingerin yeni sözləşməsi 2030-cu ilə qədər nəzərdə tutulub.

Qeyd edək ki, Culiano “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

İtaliya vətəndaşlığı da olan gənc forvard Argentinanın “River Pleyt” klubunun yetirməsidir. O, 2019-cu ildə “Atletiko”ya cəlb edilib. Argentinalı vinger Madrid klubunun əsas komandasının heyətində 78 oyuna çıxıb, 8 qol və 16 məhsuldar ötürmə ilə yadda qalıb.

Culyano bir müddət “Alaves” və “Saraqosa” kimi klublarda icarədə də olub.

Argentinanın U-23 və Olimpiya yığmalarının da şərəfini qorumuş oğul Simeone 2024-cü ildə əsas millidə debüt edib. O, Argentina yığmasının heyətində 9 oyuna çıxıb, 1 qol vurub.

“Transfermarkt” internet-portalı 23 yaşlı vingerin transfer dəyərini 40 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: