David Yurasek “Beşiktaş”a lazım olmadı

Futbol üzrə Çexiya yığma komandasının və “Beşiktaş”ın sol cinah müdafiəçisi David Yurasek Türkiyə klubundan ayrılıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Beşiktaş” cari mövsümün əvvəlində heyətinə qatdığı futbolçu ilə müqaviləyə xitam verib. Klub çexiyalı müdafiəçiyə xidmətləri üçün təşəkkür edib, gələcək karyerasında uğurlar arzulayıb.

Xatırladaq ki, İstanbul klubu Yuraseki “Benfika”dan satınalma şərti ilə 2025/2026-cı illər mövsümünün sonunadək icarəyə götürmüşdü. Lakin o, mövsümün geridə qalmış hissəsində ümidləri doğrultmadığı üçün erkən geri göndərilib.

Çexiyalı futbolçu “Beşiktaş”ın heyətində 17 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə diqqət çəkməyib.

David Yurasek karyerası ərzində “Zbroyovka Brno”, “Prosteyov”, “Mlada Boleslav”, “Slaviya” (Praqa) kimi klublarda da çıxış edib. 25 yaşlı futbolçu 2023-cü ildən “Benfika”dadır. O, ötən mövsümü Almaniyanın “Hoffenhaym” klubuna icarədə keçirib.

Yurasek 2023-cü ildə debüt etdiyi Çexiya millisinin heyətində 15 oyun keçirib, 1 qol və 1 assistlə yadda qalıb.

“Transfermarkt” internet-portalı 25 yaşlı müdafiəçinin transfer dəyərini 4,5 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: