DÇ-2030: Səudiyyə Ərəbistanı ev sahibliyi fikrindən vaz keçdi

Səudiyyə Ərəbistanı 2030-cu ildə keçiriləcək futbol üzrə dünya çempionatına (DÇ-2030) ev sahibliyi etmək fikrindən daşınıb.

Arena.az bu haqda “Marca” nəşrinə istinadən xəbər verir.

Səudiyyə Ərəbistanı Yunanıstan və Misirlə birlikdə 2030-cu ildə keçiriləcək dünya çempionatına ev sahibliyi etmək üçün birgə ərizə verməyi planlaşdırırdı.

Buna rəğmən, gerçək imkanların ətraflı araşdırılmasından sonra Səudiyyə Ərəbistanı hakimiyyəti İspaniya, Portuqaliya və Mərakeşin birlikdə təşkilatçılıq iddiasına qarşı bu ölkələrin artıq gördüyü işləri nəzərə alaraq, qalib gəlməyin mümkün olmadığı qənaətinə gəlib.

Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Farhan Əl Səud son saatlarda Yunanıstan və Misir rəsmiləri ilə əlaqə saxlayaraq, ölkəsinin 2030-cu il dünya çempionatına ev sahibliyi etmək iddiasında olmayacağı barədə onları məlumatlandırıb.

İspaniya, Portuqaliya və Mərakeş “trio”su hələ də Argentina, Uruqvay, Çili və Paraqvay “kvartet”inə qarşı rəqabət apara bilər. DÇ-2030-un ev sahibləri 2024-cü ildə bəlli olacaq.

Maraq üçün vurğulayaq ki, “Marca” xəbərlərində İspaniya, Portuqaliya və Mərakeşin müraciəti məhz bu formada qeyd olunub. Ancaq aprel ayında Portuqaliyanın baş naziri Ukraynanın bu müraciətin bir hissəsi olaraq qaldığını bildirmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: