Futbol üzrə Xorvatiya milli komandasının və Zaqreb “Dinamo”sunun qapıçısı Dominik Livakoviç Türkiyənin “Fənərbaxça” klubuna keçib.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
28 yaşlı qolkiperlə 5 illik müqavilə imzalanıb. Livakoviç İstanbul klubunda 40 nömrəli formanı geyinəcək. “Fənərbaxça” bu keçidə görə Xorvatiya çempionuna 6,65 milyon avro ödəyib.
Xatırladaq ki, Dominik Livakoviç 2015-ci ildən Zaqreb “Dinamo”sunda çıxış edirdi. Azərbaycanlı futbolçu Mahir Emrelinin komanda yoldaşı Zaqreb təmsilçisində 290 oyuna çıxıb, 233 qol buraxıb, 135 matçda isə qapısını toxunulmaz saxlayıb. Daha öncə “Zaqreb” komandasında da forma geyinmiş Livakoviç, Xorvatiya millisində də 45 oyun keçirib.
“Fənərbaxça” bir neçə futbolçusu ilə də yollarını ayırıb. Braziliyalı dayaq yarımmüdafiəçisi Villian Arao “Panatinaikos”a keçib. 31 yaşlı futbolçu Yunanıstan klubu ilə 2 illik müqavilə imzalayıb. “Fənərbaxça” bu satışdan 2,5 milyon avro qazanıb. Arao ötən ilin yayında 3 milyon avro qarşılığında keçdiyi Türkiyə klubunda 45 oyuna 1 qol və 5 assistlə yadda qalıb.
İstanbul təmsilçisinin digər braziliyalı – mərkəz müdafiəçisi Qustavo Enrike İspaniyanın “Real Valyadolid” klubuna keçib. 1,2 milyon avroya satılmış 30 yaşlı futbolçu yeni klubu ilə 3 illik sözləşməyə imza atıb. Qustavo 2022-ci ilin yayından formasını geyindiyi “Fənərbaxça”da cəmi 23 oyuna çıxıb, 3 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.
“Fənərbaxça”nın hücumçusu Serdar Dursun da “Fatih Karagümrük”ə keçib. 31 yaşlı hücumçu daha öncə də formasını geyindiyi “Fatih Karagümrük”lə 1+1 illik müqaviləyə imza atıb. O, 2021-ci ildən “Fənərbaxça”da çıxış edirdi. Təcrübəli hücumçu bu komandada 64 oyuna 19 qol və 9 assistlə yadda qalıb. Onun “Fatih Karagümrük karyerası isə 70 oyun, 19 qol və 10 assistdən ibarətdir. Serdar Türkiyə millisində də 10 oyuna çıxıb, 7 qola imza atıb.
“Fənərbaxça”nın gənc müdafiəçisi Emir Ortakaya da “Kocaelispor”a icarəyə verilib. 19 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarədə olacaq. O, ötən mövsüm “Göztəpə”də də icarədə olub.



