“Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Qarabağ”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, doğma meydanda 1:3 hesabıyla uduzduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
“Ağır oyun olacağını bilirdik. “Qarabağ” Azərbaycan çempionatının ən yaxşı komandalarındandır. Matça yaxşı başladıq. Futbolçular istədiyimizi meydanda verməyə çalışırdı. Komandanın çıxışından ümumilikdə razı qaldım. Rəqibdən çəkinməyib, istədiyimiz dominant futbolu nümayiş etdirməyə çalışdıq. Səhvlərimiz oldu. Rəqib təzyiq göstərirdi və buna görə də boşluqlar verirdik. Belə məzmunlu oyun göstərdiyi üçün futbolçularımıza təşəkkür edirəm”.
Elmar Baxşıyev “Qarabağ”a qarşı açıq futbol oynamalarının səbəbini belə izah edib: “Biz o komandalardan deyilik ki, qapanaq və oyun ərzində 1-2 epizoddan yararlanmağa çalışaq. Heyətimizdə olan futbolçular daha çox hücumda olmağa impuls verir və ona görə də öndə oynamağı tələb edirik. Həmin epizodları yaratmaq da güc tələb edir. Komanda hər matçda belə imkanlar əldə edir. Dəyərləndirməkdə bir az çətinlik var. Gördüyümüz bizə inam verir. Komanda hücumda istədiyimiz kimi oynayır. Bu gün meydanda 5 legioner, 6 azərbaycanlı var idi. Mən buna önəm vermirəm. Heyətimizdə 23 futbolçu var. Kim daha layiq olursa, onun üzərində dayanırıq”.
Xatırladaq ki, “Qəbələ” 25 turdan sonra 32 xalla Premyer Liqanın turnir cədvəlində 5-ci pillədə qərarlaşıb. E.Baxşıyevin çalışdırdığı kollektiv növbəti turda “Turan Tovuz”un qonağı olacaq.


