Emil Mustafayev rəsmən “Sumqayıt”da!

Futbol üzrə Azərbaycan milli komandasının yarımmüdafiəçisi Emil Mustafayev bundan sonra “Sumqayıt”ın uğurları üçün çalışacaq.

Arena.az bu barədə sözügedən klubun mətbuat xidmətinə istinadən xəbər verir.

Vurğulanır ki, “Sumqayıt” bu gün 2025/2026-cı illər mövsümünün ikinci yarısı üçün ilk futbolçu keçidini reallaşdırıb. Klub müqavilə ilə Ukraynanın “Polesye” klubuna məxsus yarımmüdafiəçini cari mövsümün sonuna qədər icarəyə götürüb.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın “Aleksandriya” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 24 yaşlı futbolçu indiyə qədər bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Emilbir müddət “Çernomorets”də də icarədə olub. O, Odessa təmsilçisinin heyətində 11 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: